Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZİNNEX) İdarə Heyəti ilə görüşüb.
Görüşdə AZİNNEX tərəfindən 2020 və 2021-ci illər ərzində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Ölkəmizdə sahibkarlığın inkişafı və özəl sektora dövlət dəstəyi tədbirləri, ixracda mövcud maneələr, pandemiyanın bu sahəyə neqativ təsirləri, eyni zamanda, yaratdığı imkanlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq reytinqlərdə, xüsusilə də innovasiya və texnologiya istiqamətlərində ölkəmizin mövqeyinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə texnologiya şirkətlərinin universitetlərlə əlaqələrinin genişləndirilməsi, araşdırma və inkişaf (R&D) fəaliyyətinin dəstəklənməsi, universitetlərdə startap ekosisteminin inkişafı ilə bağlı müzakirələr aparılıb və birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
Sonda Konsorsiumun fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi, yeni üzvlüyə dair qaydalar, müraciətlərinin qiymətləndirilməsi haqqında bir sıra qərarlar verilib.
Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna daxil olan şirkətlər innovativ məhsullarını və xidmətlərini 20-dən artıq ölkəyə ixrac edir.