Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycanın aparıcı texnoloji şirkətlərini birləşdirən Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) nümayəndələri ilə görüşüblər.
Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin sədri Rauf Həsənov Azərbaycanın ixrac potensialının gücləndirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizin innovativ məhsullarının xarici bazarlarda rəqabətliliyini gücləndirərək yüksək texnologiyalar sahəsində gəlirlərin artması mümkündür.
Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin üzvü Hikmət Abdullayev ölkəmizin innovasiyalar sahəsində ixrac potensialının geniş olduğunu bildirib. Davamlı inkişafı təmin etmək üçün istedadlı kadrların cəlb olunması üzrə praktik mexanizmlərin tətbiqi qeyd olunub.
Görüşdə innovasiyalar sahəsində elmi araşdırmalar üçün güzəştli şəraitin yaradılması, əqli mülkiyyətin qorunması, kibertəhlükəsizlik üzrə qanunvericilik bazasının təkmilləşdirilməsindən də söz açılıb. Həmçinin əhali arasında rəqəmsal texnologiyalar üzrə maarifləndirmə istiqamətində geniş müzakirələr aparılıb.