May ayın 22-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində sahibkarlarla keçirdiyi görüşdə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZINNEX) da iştirak etmişdir.
Görüş zamanı Azərbaycanla Serbiya arasında potensial əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir. Öz çıxışında Aleksandr Vuçiç informasiya texnologiyaları və innovasiyaların Serbiya Respublikasının prioritet inkişaf sahələri olduğunu vurğulayaraq onların ölkənin gəlirlərinə ciddi təsir etdiyini qeyd etmişdir.
Görüşdə Aleksandr Vuçiçə AZINNEX-in fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Serbiya Respublikasının Prezidenti böyük maraq göstərərək konsorsiumun üzv şirkətlərinə Serbiyanın İKT sahəsinin inkişafına sərmayə etməyi təklif etmiş və bu sahədə iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsinin böyük potensiala malik olduğunu bildirmişdir.