AZİNNEX "ÜMİD YERİ" UŞAQ EVİNDƏ MULTİMEDİA MƏRKƏZİ AÇMIŞDIR

02.06.2018
  • Tags:
AZİNNEX "ÜMİD YERİ" UŞAQ EVİNDƏ MULTİMEDİA MƏRKƏZİ AÇMIŞDIR

 

2 iyun tarixdə AZINNEX üzvləri  sosial məsuliyyəti  proqramı çərçivəsində Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq evini ziyarət edərək orada valideyn qayğısından məhrum olmuş uşaqlarla görüşmüşdür. Eyni zamanda, uşaqlarda informasiya texnologiyaları üzrə baza biliklərinin yaradılması, texnologiyaların əhəmiyyəti haqqında təsəvvürün formalaşdırılması, təhsil proseslərinin müasir standartlara uyğunlaşdırılması məqsədilə AZINNEX tərəfindən təşkil olunmuş Multimedia Mərkəzinin açılışı olmuşdur. Ümumi sahə kimi istifadə olunan otaq müasir avadanlıq və mebellə təhciz olunmuşdur. Burada dərslərin elektron formatında keçirilməsi üçün böyük ekran, kompyuter və printer quraşdırılmışdır.

Mərkəzin açılışında VXSİDA-nın nümayəndəsi Şəbnəm Məmmədova çıxış edərək, bu təşəbbüsün əhəmiyyətindən danışmış, Dövlət Agentliyinin bu tip tədbirlərə dəstəyindən söz açmışdır. Uşaqlara məlumat verilmişdir ki, Multimedia Mərkəzindən artıq mütəmadi olaraq onların həyata hazırlanması üzrə ilkin peşə biliklərinin formalaşdırılması üçün təlimlər keçiriləcəkdir.

Daha sonra AZINNEX-in Müşahidə Şurasının üzvləri Məhəmməd Zülfüqarlı və Cabir Cümşüdov çıxış edərək uşaqlara informasiya texnologiyalarının əhəmiyyətindən, müasir trendlərdən və bu istiqamətdə gələcək peşə seçimlərindən bəhs etmişdir. Natiqlərin maraqlı çıxışı uşaqların çoxlu suallarının cavablandırılması ilə davam etmişdir.

Daha sonra Mərkəzdə ilk olaraq Step IT Academy tərəfindən robotics üzrə təlim keçirilmişdir. Təlim uşaqlar tərəfindən çox maraqla qarşılanmış və aktiv iştiraklarına səbəb olmuşdur. Təlimdə öz aktivliyi ilə seçilmiş 4 uşaq Akademiyanın yay düşərgəsində üzv şirkətlərin dəstəyi ilə iştirak edəcəkdir.

AZINNEX nümayəndələri uşaqlarla daha yaxından tanış olmuş və üzv şirkətlərin gətirdiyi bayram hədiyyələri ilə onların əhval-ruhiyyələrini qaldırmağa nail olmuşlar.  

Görüşün sonunda "Ümid yeri" uşaq evinin rəhbəri konsorsium nümayəndələrinə uşaqların adından öz təşəkkürünü bildirmişdir.