SERP

SİNAM Müəssisə resurslarının idarə edilməsi sistemi (SERP)


Sistemin təsviri


Sinam Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış “SİNAM Müəssisə Resurslarının İdarə edilməsi” (SERP) avtomatlaşdırılmış sistemi büdcədən maliyyələşən təşkilat və müəssisələrin resurslarının idarə edilməsi üçün unikal sistemdir. SERP sistemi insan resurlarının idarə edilməsini, beynәlxalq vә milli standartlara uyğun mühasibatlığın aparılmasını və standartlara uyğun hesabatların alınmasını təmin edir. Bu da öz növbəsində mühasibatlığın avtomatlaşdırılmasına, vaxtlı-vaxtında maliyyə hesabatlarının generasiyasına və onların müvafiq maliyyə orqanlarına (Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Departamenti və Dövlət Xəzinədarlıq Agentliyi) təqdim edilməsinə gətirib çıxarır. Sistem həmçinin büdcədən maliyyələşən təşkilatların rəhbərləri üçün müxtəlif analitik hesabatlar generasiya etməyə imkan verən Oracle BI proqram təminatı ilə inteqrasiya edilib


Həllin xüsusiyyətləri
 

  • Təklif olunan həll eyni müvəffəqiyyətlə müxtəlif təşkilatlarda: kiçik firmalar və böyük istehsalat kompleksləri, holdinqlər, dövlət və özəl şirkətlərdə tətbiq oluna bilər;
  • Sistem öz aralarında qarşılıqlı sıx əlaqədə olan alt-sistemlərdən və modullardan ibarətdir. Belə yanaşma ayrı-ayrı istifadəçinin ehtiyacına uyğunn olaraq yalnız tələb olunan modulları seçib quraşdırmaqla sistemi sazlamağa imkan verir;
  • Sistemdə istənilən sayda istifadəçi profaylı yaratmaq imkanı;
  • İstənilən hüquq və səlahiyyətlərin ayrı-ayrı istifadəçilər və ya istifadəçi qruplarına verilməsi;
  • İstifadəçilərin əməliyyatlarını izləyən Audit sistemi;
  • Hər bir sənədin Baş Sertifikasiya Mərkəzi tərəfindən verilən elektron imza ilə imzalanması (PKI infrastrukturu);
  • Məlumatların şifrələnmiş SSL protokolu ilə ötürülməsi.


Həllin üstünlükləri


SERP sistemi büdcədən maliyyələşən təşkilatlar ücün milli və beynəlxalq standartlara uyğun olmaqla aşağıdakı üstünlüklərə malikdir:
 

  • Prosedur və hesabatların AR qanunvericiliyinə tam uyğunluğu
  • Universal və rahat istifadəçi mühiti
  • Çoxdilli  (3 dilli) interfeys
  • Çoximkanlı funksional sazlanma
  • MS Office paketinə ixrac
  • Universal axtarış sisteminin mövcudluğu
  • Əhatəli və çevik hesabat almaq imkanları
  • Vergilər Nazirliyi, DSMF və digər informasiya sistemləri ilə inteqrasiya imkanı
  • Təlimlər üçün video dərslərin (videoçarxların) mövcudluğu


Modullar


Proqram kompleksi


“SERP“ sistemində yaradılmış proqram kompleksi aşağıdakı modullardan təşkil olunmuşdur:
 

  • Müəssisənin strukturu
  • İnzibatçılıq
  • İnsan resursları və əmək haqqı.  Bu modul Ştat cədvəli, Şəxsi kartlar, Tabel, Ezamiyyət, Kadr hesabatları, Kadr soraqçaları  və Əmək haqqı alt modullarından təşkil olunmuşdur.
  • Maliyyə uçotu. Bu modulun tərkib hissələrinə aşağıdakı alt modullar aid edilir: Baş kitab, Pul vəsaitləri, Mal-material uçotu, Əsas vəsaiitlər, Material ehtiyatları, Müqavilələr, Xidmət sənədləri, Büdcənin planlaşdırılması, Maliyyə hesabatları, Maliyyə soraqçaları   
  • Xəzinədarlığın İdarə edilməsi Sistemi  (XİİS) ilə mübadilə
  • Məlumat mübadiləsi  (DSMF və Dövlət Vergi İdarəsi ilə)
  • Tələbələr
  • BI hesabatları


Bu modullardan hər biri çoxlu sayda alt modullardan təşkil olunmuşdur.


1.1. İnzibatçılıq modulu


“İnzibatçılıq” modulu müəssisə daxilində sistemin inzibati məsələlərini, məsələn, baş menyunun sazlanması, istifadəçilərin yaradılması və onlara hüquq və səlahiyyətlərin verilməsi kimi bir sıra məsələlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Audit məqsədilə sistem istifadəçi kodlarını yadda saxlayır. Modulda sistemin administratoru sistem istifadəçilərini yaradır və onlara nəzarət edir, onlar arasında hüquqları bölüşdürür. Hər bir sistem  istifadəçisi ancaq öz hüquqları çərçivəsində  işləyə bilər və digər istifadıçilərin işinə müdaxilə edə bilməz. İnsan resurslarına dair modulda işçinin işdən çıxarılması barədə informasiya daxil edilən kimi müvafiq istifadəçinin sistemə giriş imkanı bloklanır.

1.2. Müəssiənin strukturu modulu


Müəssisənin Strukturu modulu əsas modullardan biri olub sistemdə təşkilatın strukturunu yerləşdirməyə və onunla bağlı dəyişikliklər etməyə imkan verir. Bu modulda yaradılan təşkilati struktur bütün başqa modullarda, alt sistemlərdə və hesabatlarda istifadə olunur.


Müəssisənin Strukturu modulunda müəssisənin və ya onun struktur bölmələrinin əsas rekvizitlərinin sistemə daxil edilməsi, daxil edilmiş informasiyalara düzəliş edilməsi imkanı  mövcuddur.


1.3. Ştat cədvəli modulu


Ştat cədvəli modulu müəssisənin ştat cədvəlinin yaradılması, ştatlarda olan dəyişikliklərin izlənilməsi, açılmış vakansiyalara işçilərin işə qəbul edilməsi proseslərinin avtomatlaşdırılması, lazımi hesabatların yaradılması işinə xidmət edir.


1.4. Şəxsi kartlar modulu


Şəxsi kartlar modulu sistemin əsas modullarından biri hesab olunur. Bu modul şəxsi kartların yaradılmasını, müxtəlif parametrlərə görə ətraflı axtarış aparmağı və işçi haqqında informasiyanı çap etməyi təmin edir. Modulun tərkibində çoxsaylı parametrlərə görə axtarış aparmağa imkan verən axtarış sistemi mövcuddur. Axtarış parametrlərinin siyahısını sazlamaq, eyni zamanda axtarış parametrlərini müəyyən faylda saxlamaq və lazım olduqda yükləmək və çap etmək olar.


Şəxsi kartlar modulunun funksiyalarına aşağıdakılar daxildir: əməkdaşların şəxsi kartlarının yaradılması, şəxsi kartlara baxış, onların redaktə edilməsi və silinməsi, şəxsi kartlar üzrə çoxparametrli axtarışların aparılması, məzuniyyət və əmək haqqı ilə əlaqənin yaradılması.


1.5. Tabel modulu


Tabel modulu tabelə dair məlumatların daxil edilməsi, müəyyən səbəblər üzündən və ya səbəbsiz olaraq işdə olmamaq hallarının qeydiyyatı və real iş vaxtının hesablanması üçün nəzərdə tutulmuşdur. Bu modulda qeyri-iş günləri soraqçasından istifadə olunur. Proqram modulu yaradılan cədvəllərin Excel formasına ixrac edilməsinə imkan verir. Tabel modulu işçiyə növbəti məzuniyyətlərin verilməsi zamanı sistemdə günlərin sayını izləyir. İşçinin götürdüyü və qalan məzuniyyət günləri yaddaşda saxlanılır, əgər işçiyə qalan məzuniyyət günlərinin sayından artıq məzuniyyət günü verilməyə cəhd edilərsə, bu halda sistem buna imkan vermir.


1.6. Ezamiyyət modulu


Ezamiyyət modulu ezamiyyətlər üzrə əməliyyatların aparılması üçün işlənilmişdir. Ezamiyyət modulu aşağıdakı funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur: yeni ezamiyyət kartının yaradılması; ezamiyyət kartlarının axtarışı və baxış, ezamiyyət kartlarının redaktəsi və silinməsi.


1.7. Kadr hesabatları və kadr soraqçaları


Kadr hesabatları modulu sistemin bütün modullarında emal olunan məlumatlar əsasında formalaşdırılan hesabatların alınması işinə xidmət edir. Mövcud olan hesabatlara müraciət hüququ istifadəçilər arasında bölüşdürülə bilər. Zərurət olarsa, sistemə əlavə hesabatlar da daxil edilə bilər. Modula daxil olan bütün hesabatlar müəssisənin təşkilati strukturuna bağlıdır.


İnsan Resurslarının İdarə Edilməsi modulu vahid soraqçalar sisteminə malikdir. Soraqçalar sistemə daxil edilən standart elementlərin vahidliyini təmin edir. İnsan resurslarının idarə edilməsi modulunda 70-ə qədər soraqçadan istifadə olunur.


2. Əmək haqqı modulu


Əmək haqqı modulu SERP sisteminin digər modullarının köməyi ilə artıq daxil edilmiş məlumatlardan istifadə etməklə müəssisə və təşkilatlarda əmək haqqının hesablanması zamanı aparılan işlərin avtomatlaşdırılmasına xidmət göstərir.


“Əmək haqqı” modulunun əsas funksiyalarına aşağıdakılar aiddir:
 

  • Əmək haqqının hesablanması zamanı istifadə olunan ödəniş parametrlərinin  sazlanması;
  • Əmək haqqının hesablandığı cari tarixin və gəlir vergisi üzrə tarif dərəcələrinin sazlanması;  
  • Seçilmiş struktur bölmə üçün ödəniş parametrlərinin siyahısına gəlir və tutulmalara dair yeni parametrlərin əlavə edilməsi, bəzi parametrlərin siyahıdan silinməsi və ya bəzi parametrlərin dondurulması;
  • Konkret işçiyə aid olan ödəniş parametrinin siyahıya əlavə olunması və sazlanması;
  • İşçilərin şəxsi kartlarında, tərtib olunmuş tabeldə və yol vərəqələrində (kommersiya təşkilatları üçün) artıq daxil edilmiş məlumatlar əsasında işçilərin əmək haqlarının hesablanması;
  • İşçilərin əmək haqqına fərdi əlavələrin hesablanması;
  • Məzuniyyət haqlarının hesablanması;
  • Xəstəliklə bağlı ödənişlərin hesablanması;
  • İşdən çıxma zamanı kompensasiyanın hesablanması;
  • Müxtəlif növ mükafatların və maddi yardımların hesablanması;
  • İşçilərin əmək haqlarından tutulan vergilərin hesablanması (gəlir vergisi, sosial müdafiə fonduna, həmkarlar ittifaqına ödəniş və s.);
  • Sərəncamla tutulan məbləğlərin hesablanması (aliment, məhkəmə qərarı ilə faizlə tutulan məbləğlər);
  • Müəssisə üzrə və ya konkret bir struktur bölmə üzrə Hesablama cədvəllərinin, müxtəlif ödəniş parametrlərinə dair cədvəllərin, bank köçürmələri barədə cədvəllərin, ödəniş sənədlərinin və s. tərtib olunması.
  • İşçilər üçün aylıq və illik hesabatların, müxtəlif müavinətlər üzrə (dəfn üçün, hamiləliyə və doğuşa görə, uşağın anadan olmasına görə birdəfəlik və uşağın 3 yaşı tamam olanadək verilən) DSMF hesabatlarının alınması.


Əmək haqqı modulunda işçilərin əmək haqqı ilə bağlı bəzi əməliyyatların yerinə yetirilməsi zamanı müəssisə üçün xarakterik olan sazlamaların aparılması təmin edilmişdir. Modulda həmçinin ödəniş parametrinin büdcə ilə bağlantısı, funksional, iqtisadi təsnifat və büdcə proqramları üzrə bölgüsünün aparılması əməliyyatları yerinə yetirilir və nəticədə ödəniş parametrlərinə uyğun məbləğlərin büdcə və təsnifatlar üzrə bölgüsünü əks etdirən cədvəl və  əmək haqqı üzrə öhdəliyə dair müxabirləşmələr avtomatik olaraq alınır.

3. Maliyyə uçotu modulu

SERP sisteminə daxil olan əsas modullardan biri də Maliyyə uçotu moduludur. Maliyyə uçotu moduluna daxil olan alt modullar vasitəsilə aşağıdakı əməliyyatlar yerinə yetirilir:
 

  • Hesab növləri, Hesablar Planı və Sistem Hesablar Planı üzərində əməliyyatlar;
  • Soraqçaların köməyi ilə şərti-daimi verilənlərin saxlanılması, müəssisədaxili və ümumi klassifikatorların dəstəklənməsi;
  • Müəssisənin pul vəsaitlərinin uçotu, bank, xəzinə və avans əməliyyatlarının aparılması, bu əməliyyatlara dair sənədləşmələrin aparılması;
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotu, istismara verilməsi, yerdəyişməsi, amortizasiyanın hesablanması, əsaslı və cari təmir, yendənqiymətləndirmə s. əməliyyatların həyata keçirilməsi;
  • Müəssisənin material ehtiyatlarının əldə edilməsi və uçotu, çıxma və yerdəyişmə  ilə bağlı uçotun aparılması;
  • Qeydiyyat kitablarının və Mühasibat modellərinin yaradılması və onların əsasında sistemdə olan sənədlər və əməliyyatlar üzrə avtomatik müxabirləşlərin yaradılması və Baş Kitabda əks olunmasının  təmin edilməsi;
  • Təhlil və qərar qəbuletmə üçün vacib olan maliyyə və analitik hesabatlardan ibarət olan hesabat sisteminin yaradılması;
  • Müəssisənin mal, iş və xidmətlər üzrə kənar təşkilatlarla bağladığı müqavilələrin və xidmət sənədlərinin qeydiyyatı;
  • Sistemdə emal olunmuş məlumatlara əsasən DSMF-yə təqdim olunan B1 və B3 hesabatlarının və gəlir vergisinə dair hesabatın avtomatik olaraq alınması. 

4. XİİS-lə mübadilə modulu

SERP sisteminə daxil olan XİİS-lə mübadilə modulunda büdcədən maliyyələşən təşkilatları tərəfindən öz büdcə smetaları daxilində faktiki xərclərin aparılması prosesində aşağıdakı xəzinə sənədlərinin yaradılması və təqdim əməliyyatları yerinə yetirilir: Müqavilə sənədi, Uzunmüddətli öhdəlik sənədi, Qabaqcadan ödənişlər üzrə qısamüddətli öhdəlik sənədi, Qabaqcadan ödənişlər üçün sifariş sənədi, Qısamüddətli öhdəlik sənədi, Malların (iş və xidmətlərin) alışı sənədi (MAS), Kassa xərclərinin sifarişi sənədi, Kassa limitinin açılması barədə sifariş, Üzləşmə aktı.

5. Tələbə modulu

SERP sisteminin əsas komponentlərindən biri hesab olunan Tələbə modulu respublikanın ali təhsil müəssisələrində tələbələrin qeydiyyatı, tələbə təqaüdlərinin hesablanması və ödənişli təhsil üzrə təhsil haqqına dair məlumatların emalı proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Tələbə modulunun əsas funksiyalarına aşağıdakı əməliyyatların yerinə yetirilməsi daxildir:
 

  • Ali məktəb tələbələrinin qeydiyyatını aparmaq məqsədilə tələbə şəxsi kartlarının yaradılması;
  • Tələbə şəxsi kartları üzərində redaktə və çoxparametrli axtarış əməliyyatlarının yerinə yetirilməsi;
  • Təqaüdçü tələbələr üçün təqaüdlərin hesablanması;
  • Ödənişli təhsil üzrə müqavilə məbləğlərinin təyin edilməsi və öhdəliklərin yaradılması, təhsil haqqının ödənişləri barədə məlumatların emal edilməsi;
  • Tələbələr üzrə statistik hesabatların və təhsil haqqı üzrə hesabatın alınması.