Xəzinədarlıq üzrə İnformasİya İdarəetmə sİstemİ
Sistemin təyinatı
Xəzinədarlıq üzrə İnformasiya İdarəetmə Sistemi (XİİS) inteqrasiya olunmuş, rahat istifadə olunan, yüksək etibarlılıq səviyyəsi, çeviklik və xəzinədarlığın büdcənin icrası ilə əlaqədar olan əsas biznes-proseslərinin dəstəklənməsi ilə bağlı bütün tələblərə cavab verən geniş funksional imkanlara malik sistemdir. SİNAM şirkəti tərəfindən yaradılmış sistemin əsas məqsədi büdcənin şəffaflıqla idarə edilməsi, eləcə də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin işinin avtomatlaşdırılmasının təmin edilməsidir.
Sistemin əsas modulları:
1. Büdcənin qeydiyyatı və icrası
Modul büdcənin icrası ilə əlaqədar proseduraların yerinə yetirilməsi üçün zəruri olan büdcə məlumatlarının sistemdə qeydiyyatdan keçirilməsi və aktual vəziyyətdə saxlanılması üçün nəzərdə tutulub. O, büdcə məlumatlarının xəzinədarlıq orqanlarına və büdcənin icrası prosesinin digər iştirakçılarına çatdırılmasını təmin edir. Büdcə məlumatlarına büdcə və büdcə öhdəliklərinin limitləri daxildir.
2. Kassa idarəetməsi
Modul kassa planlarının yaradılması, kassa limitlərinin təyin edilməsi və büdcə təşkilatlarına çatdırılması, kassa planlarının nəzarətdə saxlanılması və icra edilməsi proseslərinin yerinə yetirilməsini təmin edir.
3. Öhdəliklərinin idarə edilməsi
Büdcə öhdəliklərinin ayrılmış limitlərə uyğunluğunun nəzarətdə saxlanılmasını, büdcə öhdəliklərinin sistemdə qeydə alınmasını, eləcə də bu öhdəliklərin maliyyələşdirmənin prioritetliliyi prinsipinə uyğun olaraq yerinə yetirilməsi üçün kassa xərclərinin sifarişinin qeydiyyatı və yoxlanılmasını təmin edir.
4. Ödənişlərin idarə olunması
Ödəniş sənədlərinin hazırlanması, göndərilməsi, alınması və emalı üçün bank sistemi ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulub. O, maliyyə vəsaitlərinin xəzinədarlıq orqanlarının hesabları arasında ötürülməsi, vəsaitlərin alan şəxslərə çatdırılması, eləcə də bank çıxarışlarının emalı proseduralarını təmin edir.
5. Daxilolmaların idarə olunması
Modul xəzinədarlıq sisteminə daxil olan bütün daxilolmaların qeydiyyatı, təsnifatı və vəsaitlərin büdcələrarası tənzimləmə qaydasında müvafiq büdcələrə daxil edilməsi, vergi güzəştlərinin, gecikdirmə, hissə-hissə ödənişlər və s. qeydiyyatı, aydınlaşdırılmamış daxilolmaların emalı, eləcə də artıq ödənişlərin qaytarılmasını təmin edir.
6. Xəzinədarlığın Baş Kitabının aparılması
Modul büdcənin icrası çərçivəsində xəzinədarlıq orqanları tərəfindən yerinə yetirilən əməliyyatların qeydiyyatı üçün nəzərdə tutulub. Baş kitab ilkin sənədlər əsasında Mərkəzi Xəzinədarlıqda aparılır. Baş Kitabda əks olunan əməliyyatlar əsasında maliyyə dövrünün bağlanması və zəruri mühasibat hesabatlarının hazırlanması ilə əlaqədar zəruri proseduraların yerinə yetirilməsini təmin edir.
7. Hesabatlılıq sistemi
Modul dövlət büdcəsinin icrası ilə əlaqədar bütün mümkün reqlamentləşdirilmiş və reqlamentləşdirilməmiş (sorğu əsasında) hesabatların hazırlanmasını təmin edir.
8. Soraqçaların idarə edilməsi
Modul xəzinədarlıq orqanları tərəfindən büdcənin icrası çərçivəsində bütün səviyyələrdə əməliyyatların yerinə yetirilməsi üçün zəruri olan normativ-istinad məlumatlarının idarə edilməsini və aktual vəziyyətdə saxlanılmasını təmin edir.
9. Sistemin inzibatlaşdırılması
Modul bütövlükdə XİİS sisteminin işini – sistem sazlamaları, soraqçalar, istifadəçilər və səlahiyyətlərin idarə edilməsini təmin edir.
10. Üçüncü idarələrlə inteqrasiya
Modul informasiyanın alınması və təqdim edilməsi ilə əlaqədar olaraq üçüncü idarələrlə qarşılıqlı əlaqə vasitələrini təmin edir.
11. Büdcənin formalaşdırılması
Modul büdcənin formalaşdırılması prosesinin təmin edilməsi üçün nəzərdə tutulub. O, maliyyə orqanı, büdcə vəsaitinin baş sərəncamçıları və büdcə təşkilatlarının birbaşa fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub. Büdcənin icrası prosesinin hər bir iştirakçısı büdcənin formalaşdırılması mərhələsində birbaşa öz rolunu icra edir.
Sistem əməliyyatların yerinə yetirilməsi zamanı xəzinədarlıq orqanlarının səlahiyyətləri çərçivəsində lazımi səviyyəli nəzarəti təmin edir: büdcənin icrası zamanı verilənlərin tamlığı, hərtərəfli, dəqiq və vaxtında təmin edilən informasiya.
12. ERP sistemi ilə inteqrasiya
Modul XİİS sisteminin dövlət müəssisələrinin büdcəsinin icrası ilə əlaqədar olan informasiya sistemləri (məsələn, ERP – Enterprise Resource Planning) ilə inteqrasiyasını təmin edir. Bu moduldan istifadə etməklə sistemin istifadəçisi müəssisə resurslarının idarə edilməsi sistemi (məsələn, SİNAM ERP – SERP) vasitəsilə yaradılmış xəzinədarlıq sənədlərinə müraciət etmək üçün əlavə imkan əldə edir. Bu cür sənədlərə daxildir: müqavilələr, uzunmüddətli öhdəlik sənədləri, avans ödənişləri üzrə qısamüddətli öhdəlik sənədləri, avans ödənişləri üzrə order-sənədlər, qısamüddətli öhdəlik sənədləri, dövlət alışları üzrə sənədlər, kassa xərclərinin sifarişi üzrə sənədlər, kassa limitinin açılması haqqında arayışlar, üzləşmə aktları və s. Bu, xəzinədarlıq tərəfindən konkret büdcə təşkilatının büdcəsinin icrası ilə əlaqədar onlayn audit aparmağa imkan verir.